Səlim Müslümov: «Azərbaycanda əmək haqları reallıqdan 2-2,5 dəfə aşağı göstərilir»

Səlim Müslümov: «Azərbaycanda əmək haqları reallıqdan 2-2,5 dəfə aşağı göstərilir»
# 15 noyabr 2012 11:32 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun 2013-cü il üçün büdcə layihəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ümumilikdə sənədlərdə əmək haqları real məbləğdən təqribən 2-2,5 dəfə aşağı göstərilir. Buna sübut olaraq S.Müslümov əhalinin gəlirlərində əmək haqqının payının aşağı olduğunu göstərib. Fond sədri qeyd edib ki, statistik məlumatlara əsasən, Azərbaycan əhalisinin illik gəlirləri 30,660 mlrd. manat təşkil edir və bunun yalnız 23%-i əmək haqqıdır. Halbuki Rusiyada bu rəqəm 69%, Qazaxıstanda 71%, Avropada isə ümumilikdə 60%-dir.

Bundan başqa, DSMF başçısı bildirib ki, rəsmi statistikaya görə, iqtisadiyyatda məşğul olanların cəmi 31,7%-i müqavilə əsasında muzdla işləyənlərdir. Rusiyada isə bu rəqəm 89%, Moldovada 90%-dir və s. «Bu isə onun nəticəsidir ki, iqtisadiyyatda çox böyük iş yerlərinin açılmasına baxmayaraq, bu iş yerləri gəzlədilir və onlara verilən əmək haqları əksini tapmır», - deyən S.Müslümov dövlət başçısının bununla bağlı ciddi tapşırığından sonra tədbirlərə başlandığını və bir neçə ay ərzində 180-190 min nəfərlə yenidən əmək müqaviləsi bağlandığını vurğulayıb. Bu müqavilələrin 160 mini Vergilər Nazirliyi, 30 minə yaxını isə Dövlət Əmək Müfəttişliyi tərəfindən təmin edilib.

S.Müslümov bu sahədə daha ciddi tədbirlərin görülməsini vacib sayır: «Bunun qarşısını almaq üçün sosial sığorta haqqında qanuna dəyişiklik edilməlidir».

Fond rəhbərinin sözlərinə görə, söhbət iqtisadiyyatın müxtəlif sahələri üzrə əmək haqqı fonduna hasilatda nəzərdə tutulan normaların tətbiqindən gedir: «Bu qayda dünyanın başqa ölkələrində artıq tətbiq edilir, qonşu Türkiyədə isə 1964-cü ildən tətbiq olunur. Məsələn, mənzil tikintisini götürək. Türkiyədə qəbul ediblər ki, tikinti şirkətinin əmək haqqı fondu satılan mənzillərin dəyərinin 9,65%-dən az olmamalıdır, amma artıq ola bilər».

S.Müslümov bildirib ki, bu üsulun tətbiqi azı iki vergi növü üzrə vəziyyəti düzəltməyə imkan verər və belə normaların Azərbaycanda, heç olmasa tikintidə və dövlət satınalmalarında tətbiqi realdır: «Bizim hesablamalarımıza görə, belə bir addım atılarsa, Fondun məcburi dövlət sığorta ödəmələri üzrə gəlirlərinin ən azı iki il ərzində 80-90% artırılması mümkündür. Bu isə öz növbəsində imkan verəcək ki, ya dövlət büdcəsindən transfertlər azaldılsın və DSMF özü öz xərclərini ödəsin, ya da transfertlərin qalması şərti ilə bu artım hesabına pensiyalar artırılsın».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR