Prezident İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib
# 13 noyabr 2012 15:35 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılmış şəraitlə tanış olub.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır.

Dövlət başçısı Yasamal rayon, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələrinin köhnə və yeni binalarının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində hazırlanmış müasir məhkəmə kompleksinin layihələrini əks etdirən stendlərə baxıb.

Məlumat verilib ki, Yasamal Rayon Məhkəməsinin yeni binası da “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilib.

Binada daimi fəaliyyət göstərən iki qurum – rayon məhkəməsi və icra şöbəsi yerləşir.

Bildirilib ki, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat köşkü, iki tavanda yerləşdirilmiş böyük ölçülü ekran və məhkəmə zalının girişində divarda asılmış xüsusi monitor vardır ki, bu da vətəndaşların məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etmələrinə imkan yaradır. Bundan başqa, vətəndaşlara bank, tibb xidmətindən və çay otağından istifadə etmək üçün şərait yaradılıb, məhkəmə zallarına qalxmaq məqsədilə müasir lift və eskalatorlar quraşdırılıb.

Prezident İlham Əliyev binanın ikinci mərtəbəsində mülki məhkəmə zalı ilə də tanış olub.

Dördüncü mərtəbədə yerləşən konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkədə ilk dəfə tətbiq edilən “Bloostar” adlı video-konfrans telefon sistemi vasitəsilə 6 qurum rəhbəri ilə eyni vaxtda video-müzakirələr aparmaq mümkündür.

Sonra Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində respublikamızın üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri ilə videobağlantı yaradılıb və həmin məhkəmələrin hakimləri ilə canlı danışıqlar aparılıb.

Dövlət başçısı Yasamal Rayon Məhkəməsinin yeni binasında yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR