ABŞ-ın sabiq prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mükafat təqdim olunub

ABŞ-ın sabiq prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mükafat təqdim olunub
# 20 dekabr 2012 18:55 (UTC +04:00)

Bakı-APA. ABŞ-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir sıra üzvlərinin iştirakı ilə toplantı keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən xəbərə görə, Latviyanın sabiq prezident Vaira Vike-Freyberq, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qəyyumlar Komitəsinin üzvü Dr. Farida Allaghinin qatıldığı toplantıda mərkəzin struktur formalaşması və qarşıdan gələn Qəyyumlar Şurasının illik iclasına hazırlıq barədə məsələlər müzakirə olunub.

O cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis etdiyi Nizami Gəncəvi Beynəlxalq Mükafatının növbəti sahibi Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti Bill Klintona təqdim olunub.

Bill Klinton Fondunun yaydığı məlumatda deyilir ki, ABŞ-ın sabiq prezidenti bu mükafata layiq görüldüyünə görə məmnunluğunu ifadə edib və bu qərarı verən hər bir şəxsə dərin minnətdarlığını bildirilib.

Bildirilib ki, prezident Klinton fəaliyyəti zamanı dünyada yoxsul ölkələrə yardım göstərilməsinə, təhsilin, səhiyyənin səviyyəsinin yüksəldilməsinə səy göstərib.

Mükafat Nizami Gəncəvinin rəsmi olan qızıl medal, Beynəlxalq diplom, UNESCO-nun simvolu olan zeytun budağı və Paşabahçə firmasının hazırladığı xüsusi miniatürdən ibarətdir.

Bütün bu layihələrin reallaşdırılmasına Gəncə şəhəri icra hakimiyyəti və Diasporla İş Üzrə Dövlət Komitəsi, Qarabağ Fondu yaxından dəstək göstərib.

Bu mükafat sahibləri dünyada sayılıb seçilən ən nüfuzlu ictimai-siyasi xadimlərdir:

Bunlar Süleyman Dəmirəl, Vaira Vike-Freiberq, Roza Otunbayeva, İsgəndəriyyə Kitabxanasının direktoru Dr. İsmayıl Səragəldin, İngiltərə Kral Akademiyasının başçısı Baronessa Susan Qrenfield, Birləşmiş Ştatların Qlobal Qadın məsələləri üzrə xüsusi səfiri Melanne Verveer, Birləşmiş Ştatların Qlobal Müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Farah Pandih və digər nüfuzlu simalar daxildir.

Bununla yanaşı prezident Klinton Kitabxanası ilə 2013-cü il ərzində birgə layihələrin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və yaxın zamanlarda Kitabxananın direktorunun Azərbaycana səfəri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR