BMT vertolyotları Konqo Demokratik Respublikasında üsyançıların mövqelərinə zərbə endirib

BMT vertolyotları Konqo Demokratik Respublikasında  üsyançıların  mövqelərinə zərbə endirib
# 18 noyabr 2012 01:24 (UTC +04:00)

Bakı-APA. BMT-nin Konqo Demokratik Respublikasındakı vəziyyətin stabilləşməsi üzrə missiyasının vertolyotları “23 mart hərəkatı”-nın (“23M”) döyüşçülərinə qarşı hərbi əməliyyatda iştirak edir.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, “23M” ölkənin şərqində yerləşən Şimalı Kivu əyalətinə nəzarəti ələ keçirməyə çalışır. Bu əyalətin paytaxtı Qomo şəhəri uğrunda gedən döyüşlərdə “23M” döyüşçüləri Konqo ordusunun müqavimətini qırmağa nail olduqdan sonra BMT missiyası hərbi vertolyotları havaya qaldırıb. Bildirilir ki, BMT vertolyotları Qomadan 30 km aralıda yerləşən Kibumba şəhəri yaxınlığında “23M”-in mövqelərinə zərbə endirib. Konqo hökumətinin sözlərinə görə, Kibumba şəhəri uğrunda gedən döyüşlərdə 3500 Ruanda hərbiçisinin üsyançıların köməyinə gəlməsindən sonra ordu geri çəkilməyə məcbur olub. Konqo ordusunun komandanlığı bildirib ki, Kibumba ətrafında gedən döyüşlərdə 115 üsyançı öldürülüb. Ordunun itkiləri iki zabit olub, daha 7 əsgər yaralanıb.

Fransanın BMT-də nümayəndəsi Konqodakı vəziyyəti müzakirə etmək üçün BMT–nin Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. İclas yaxın saatlarda qapalı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR