«Buta Sığorta» şirkəti yaxın günlərdə icbari sığorta üzrə xidmətlərə başlayacaq

«Buta Sığorta» şirkəti yaxın günlərdə icbari sığorta üzrə xidmətlərə başlayacaq
# 31 avqust 2012 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Buta Sığorta» şirkəti yaxın günlərdə İcbari Sığorta Bürosuna üzv olacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, üzvlüklə bağlı bütün zəruri sənədlər artıq Büroya təqdim olunub. İcbari sığorta növləri üzrə təminat depoziti ödənildikdən sonra şirkət «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növləri üzrə sığorta polislərinin satışına başlayacaq.

Xatırladaq ki, Büro ötən ilin sonundan fəaliyyət göstərir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və «Sərnişinlərin icbari sığortası» növü üzrə xidmətlərə görə hər biri üçün 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər biri üçün 100 min manat məbləğində birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir. Hazırda Büroya 12 sığorta şirkəti üzvdür.

Qeyd edək ki, «Buta Sığorta» şirkəti 1996-sı ildən «Thames Insurance Group» kimi fəaliyyət göstərib. Bu il iyulun 26-da şirkətin adı dəyişdirilərək «Buta Sığorta»ya çevrilib. Hazırda şirkətin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR