Qəbələdə udilərin mədəniyyət günü keçirilib - FOTOSESSİYA

Qəbələdə udilərin mədəniyyət günü keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyul 2015 13:29 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunun Nic qəsəbəsində udilərin mədəniyyət günü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Gürcüstanda yaşayan udilər iştirak ediblər.

Qonaqlar əvvəlcə qəsəbənin mərkəzində yeni inşa edilən “Orayin” Udi Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edənlər Nic qəsəbəsində üçüncü dəfədir ki, udi mədəniyyəti günü ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, hazırda altı min əhalisi olan Nic qəsəbəsində 3700 udi yaşayır.

Ümumiyyətlə isə Azərbaycanda 4000-dən çox udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Xarici ölkələrdə yaşayan azsaylı udilər uzun illər ərzində başqa xalqların dilini, adətlərini, mədəniyyətini qəbul edərək assimilyasiya olublar.

Xarici ölkələrdə öz mədəniyyətini, dilini, adət-ənənələrini tədricən qoruya bilməyən udilər öz doğma Vətəni olan Azərbaycanda hər cür qayğı ilə əhatə olunurlar. Qədim Qafqaz Albaniyasının ərazisində yaşayan 26 xalqdan biri olan udilərin dünyada assimilyasiyasının qarşısının alınması üçün hər il iyul ayında Nic qəsəbəsində mədəniyyət günlərinin keçirilir.

Tədbirdə çıxış edənlər tolerantlığın kiçik modeli hesab olunan Nic qəsəbəsində, eləcə də Qəbələ rayonunda udilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildiriblər. Onlar Nic qəsəbəsində qədim “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Bildirilib ki, sovet dövründə udilərə öz milli və dini bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Çıxışlardan sonra mədəniyyət mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib. Qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Tədbir iştirakçıları udi xalqının alimləri haqqında hazırlanan fotostend, udi yazıçılarının kitablarından ibarət sərgi ilə tanış olublar. Tədbirdə udilərin dini və milli bayramları, eləcə də qəsəbəyə gələn xarici ölkə rəhbərləri və tanınmış qonaqları ilə bağlı foto şəkillər, bukletlər, azsaylı xalqın ədəbiyyatı, tarixi ilə bağlı kitab və jurnallar nümayiş olunub. Sonra udi mədəniyyətinin, dilinin, adət-ənənələrinin qorunub saxlanılmasında xidmətləri olanlara fəxri fərman təqdim olunub. Mədəniyyət mərkəzində qonaqlara udilərin tarixi, onların Azərbaycanda yaşayış məskənlərı, həyat şəraiti, adət-ənənələri, sosial-iqtisadi vəziyyəti barədə məlumat verilib, udi dilində şeirlər oxunub, milli geyimlər nümayiş olunub. Sonra udilərin mədəniyyəti haqqında sənədli film göstərilib, udi dilində musiqiçilərin canlı ifaları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR