Moldova Ombudsmanı: “Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır”

Moldova Ombudsmanı: “Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır”
# 25 fevral 2014 16:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan və digər Türk dilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Mətbuat Şurası ilə birgə Xocalının 22-ci ildönümü münasibətilə tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə MŞ sədri Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun sədri Rauf Zeyni və digər KİV nümayəndələri Xocalı faciəsi ilə bağlı geniş məlumat veriblər.


Moldova Ombudsmanı Aurelia Qriqoriu da tədbirdə iştirak edib. O, çıxışında bildirib ki, Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmədə mühakimə olunmalıdır: “Mən bir Ombudsman, parlament vəkili, hüquqşünas kimi deyirəm ki, Xocalı soyqırımını törədən cinayətkarlar İnsan Haqları üzrə Avropa Məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdır. Genosidlə bağlı beynəlxalq konvensiyalarda soyqırımını törədənlərə hüquqi-siyasi qiymət verilməlidir. O gecə Xocalıda cinayəti törədənlər hələ də sağdır və bir çoxları Ermənistan hakimiyyətində yüksək vəzifə sahibidir. Ermənistan dünyanı aldatmaq istəyir ki, guya Xocalıda qətl edilənlər ermənilərdir. Amma Azərbaycan dövlətinin əlində bunun əksini sübut etmək üçün kifayət qədər faktlar var”.


Daha sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımın 22-ci ildönümündə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İnsan Haqları üzrə Avropa Məhkəməsi, Beynəlxalq Hərbi Tribunal, eyni zamanda insan hüquqları sahəsində tanınmış “Freedom House”, “Human Rights Watch” təşkilatlarına bəyanat ünvanlanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR