Azərbaycan və Bolqarıstan iqtisadi əlaqələri genişləndirmək niyyətindədir

Azərbaycan və Bolqarıstan iqtisadi əlaqələri genişləndirmək niyyətindədir
# 12 fevral 2014 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bolqarıstanın iqtisadiyyat və enerji naziri Draqomir Stoynev Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və Bolqarıstan arasında iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, ticarət əlaqələrinin inkişafı, iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müxtəlif formatlı görüşlərin keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ş.Mustafayev Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın inkişaf etdiyini və əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir: «Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Ticarət əlaqələrinin genişləndirilməsi sahəsində də Azərbaycan və Bolqarıstan böyük potensiala malikdir».

Ş.Mustafayev ölkəmizdə yaradılmış biznes və investisiya mühitindən yararlanmaqla Bolqarıstan iş adamlarının kənd təsərrüfatı, heyvandarlıq, sənaye, o cümlədən Azərbaycanda yaradılan sənaye parklarında reallaşdırılan layihələrdə iştirak edə biləcəklərini qeyd edib.

D.Stoynev ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb. Bolqarıstanlı nazir ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından biznes forumların keçirilməsinin əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR