Bakı şəhər Baş Polis İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər Baş Polis İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
# 23 yanvar 2014 15:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı şəhər Baş Polis İdarəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə 2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. İdarədən APA-ya verilən məlumata görə, müşavirədə çıxış edən R. Usubov Azərbaycanın dinamik inkişafının daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdiyini bildirib. Nazir iqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının və tədbirlərinin, beynəlxalq layihələrin uğurla həyata keçirilməsinin mühüm amillərindən olan ictimai asayiş və əmin-amanlıq ötən ildə də daxili işlər orqanları, o cümlədən paytaxt polisi tərəfindən etibarlı qorunduğunu bəyan edib.

Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülüb və müsbət nəticələr əldə edilib.

Baş İdarənin rəisi mövcud nöqsanları və onların aradan qaldırılması üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırıb.

Məruzə ətrafı çıxışlarda struktur qurumlarının və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, eyni zamanda, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görəcəklərini bildiriblər.

Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını məmnunluqla vurğulayıb.

Daxili işlər naziri müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Eyni zamanda o, qeyd edib ki, bu gün daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Prezidenti tərəfindən bütün şərait yaradılıb, əməkdaşlar və hərbi qulluqçular dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR