Həbsdə olan sabiq nazirin cinayət işi üzrə materiallar icraata verilib

Həbsdə olan sabiq nazirin cinayət işi üzrə materiallar icraata verilib
# 10 fevral 2014 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində olan cinayət işi üzrə materiallar baxılmaq üçün icraata verilib. APA-nın məlumatına görə, cinayət işinə Abşeron Rayon Məhkəməsinin hakimi İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq. Yaxın vaxtlarda cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı təyin olunacaq.

Qeyd edək ki, N. Quliyev barəsində ibtidai istintaq bir müddət əvvəl tamamlanıb. İş üzrə ittiham aktı təsdiq olunaraq baxılmaq üçün məhkəməyə göndərilib.

Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.

N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə ötən il avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.

N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb.

Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR