Səməd Seyidov: “AŞPA-dan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə keçirməsini tələb edirəm”

Səməd Seyidov: “AŞPA-dan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə keçirməsini tələb edirəm”
# 01 oktyabr 2012 19:50 (UTC +04:00)
APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, Səməd Seyidov Avropa Şurasında və Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin, görüşlərin aparılmasının vacibliyini qeyd edib: “Azərbaycan bir neçə il bundan əvvəl Avropa Şurasına üzv oldu və bu zaman biz öz üzərimizə müəyyən öhdəliklər götürmüşdük. 2001-ci ildən bəri hər il, Assambleyanın hər sessiyası bu öhdəliklərimizin həyata keçirilməsi ilə bağlı müzakirələr aparırıq, sənədlər qəbul edirik. Amma bilməyiniz gərəkdir ki, bu öhdəliklərin arasında xüsusi bir öhdəliyimiz də var, bu da Dağlıq Qarabağ münaqişəsinin sulh yolu ilə həll edilməsi yollarını tapmaqdır. Bu öhdəliyi öz üzərinə həm Azərbaycan, həm də Ermənistan götürüb. Nəyə görə 2001-ci ildən bəri bu məsələ lazımınca müzakirə edilməyib və edilmir? Dəfələrlə biz təkliflər irəli sürmüşük ki, bu məsələ ətrafında müzakirələr aparılsın. Bura demokratiya və insan haqları evidir. Olmazmı ki, bu evdə həm azərbaycanlıları, həm də erməniləri bir araya gətirək və Dağlıq Qarabağ məsələsini birgə müzakirə edək? Yox! Dağlıq Qarabağa dair görüşlər, iclaslar keçirək? Yox! Bəlkə Dağlıq Qarabağa dair əlavə müzakirələr keçirək? Yox, bu da olmaz! O zaman nədən bu öhdəlik belə qulaqardına vurulur? Nədən bu məsələdə biz susuruq? Əlimizdə imkanlar olduğu halda, nədən biz gözləməliyik ki, bu işlə digər təşkilatlar məşğul olsun? Biz Avropada ən qədim təşkilatıq və belə məsələlərdə daha məsuliyyətli davranmalıyıq”.

S. Seyidov Avropa Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin təşkil edilməsinin vacibliyini vurğulayıb: “Ermənistanla Azərbaycan arasındakı bu münaqişənin region üçün problem olduğunu anlamaq lazımdır. Yalnız bu formada, münaqişədən illərdir əziyyət çəkən hər iki xalqın nümayəndələrini bir araya gətirməklə və yalnız bu formada biz münaqişənin həlli yollarını tapa bilərik. Hesab edirəm ki, hər iki ölkə ilə yanaşı, Avropa Şurasının da bu işdə xüsusi məsuliyyəti var. Sizin susmağınız yalnız yeni zorakılıqlara, yeni problemlərin yaranmasına rəvac verir. AŞPA-dan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə keçirməsini tələb edirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR