Misirli tələbələr Azərbaycan gənclər və idman nazirinin müavini ilə görüşüblər

Misirli tələbələr Azərbaycan gənclər və idman nazirinin müavini ilə görüşüblər
# 30 avqust 2012 11:33 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində Azərbaycanda səfərdə olan Misirin Ayn-Şəms Universitetinin ədəbiyyat və dillər fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşüblər. APA-nın məlumatına görə, İ. Babayev misirli tələbələrin Azərbaycan dilinə olan marağını yüksək qiymətləndirib və bunun ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini bildirib: “Səfər çərçivəsində biz çalışdıq ki, Azərbaycan dili və ədəbiyyatı ilə məşğul olan tələbələr eyni zamanda Azərbaycan tarixi və mədəniyyəti ilə də yaxından tanış olsunlar”.

Nazir müavini xatırladıb ki, iki ölkə arasında gənclərlə iş sahəsində müvafiq saziş var və bu saziş çərçivəsində bu günə qədər müəyyən səfərlər olub: “Misirdə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qaliblərinin ölkəmizə səfəri təşkil edilib. Azərbaycanla Misir arasında gənclərlə iş sahəsində çox geniş əməkdaşlıq mövcuddur. İnanıram ki, bu səfər həmin əməkdaşlığın yeni istiqamətdə genişlənməsinə öz təsirini göstərəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR