Azərbaycanda 6,4 mln. manatı vergidən yayındıran sahibkarın işi məhkəməyə göndərilib

Azərbaycanda 6,4 mln. manatı vergidən yayındıran sahibkarın işi məhkəməyə göndərilib
# 27 iyul 2012 08:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyi 6 409 132,7 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıran sahibkar barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Lənkəran rayon sakini, «Elkontex», «Elnur-X» MMC-lərin və «Sərdar Ltd.» İstehsalat Kommersiya Şirkətinin direktoru Elnur Əhmədağa oğlu Cahangirovun vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 6 409 132,7 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığını aşkar edib.

«Elnur Cahangirov «Sərdar Ltd.» şirkətinin direktoru işləyərkən şirkətin adından vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində vergi tutulan dövriyyəni azaltmaqla, eyni zamanda mənfəət vergisi bəyannaməsini təqdim etməyərək ümumi hesabla külli miqdar təşkil edən 3 311 165,7 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Bundan başqa, E.Cahangirov «Elkontex» MMC-nin direktoru vəzifəsində işləyərkən ümumi hesabla külli miqdar təşkil edən 1 612 418,2 manat məbləğində ƏDV-ni, «Elnur-X» MMC-nin direktoru kimi isə ümumi hesabla külli miqdar təşkil edən 1 485 548,8 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb», - deyə məlumatda deyilir.

Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan gizlənən E.Cahangirov tutulub. Təqsirləndirilən şəxs qismində dindirilərkən E.Cahangirov ona elan edilmiş ittihamda özünü təqsirli bilib, «Elkontex», «Elnur-X» MMC-nin və «Sərdar Ltd.» İstehsalat Kommersiya Şirkətinin direktoru vəzifəsində işləyərkən müəssisələrin adından müxtəlif adda mal-materialların alqı-satqısı və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, mühasibatlıq işlərini özünün apardığını bildirib. E.Cahangirov barəsində olan cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR