Mərkəzi Bankın səlahiyyətlərinin bir qismi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir

Mərkəzi Bankın səlahiyyətlərinin bir qismi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir
# 03 mart 2016 09:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin bir qismi əlindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən məcəllənin 986-3.2.2. maddəsində (bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir) “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri "maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir.

Bildirilib ki, bununla da bu səlahiyyət yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Dəyişiklikdə bundan başqa yeni quruma “Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınması” səlahiyyəti də verilməsi əksini tapıb.

Məcəllədə edilən digər dəyişikliyə əsasən də qiymətli kağızlarla bağlı bütün səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR