Ömürlük həbsə məhkum edilmiş “Sadval” üzvü Ali Məhkəməyə müraciət edib

Ömürlük həbsə məhkum edilmiş “Sadval” üzvü Ali Məhkəməyə müraciət edib
# 20 sentyabr 2016 12:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 1994-cü il mart ayının 19-da metronun “20 Yanvar” stansiyasında partlayış törətməkdə təqsirləndirilən şəxslərdən Rahib Məhsinov Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, onun vəkili Ali Məhkəmənin Plenumuna R. Məhsinovun barəsində hökmün ləğv edilməsi, işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilərək araşdırılması barədə kassasiya şikayəti verib. Kassasiya şikayətində R. Məhsinov heç bir zaman “Sadval” hərəkatının üzvü olmadığını, onun bu cinayət işində təqsirinin olmadığını bildirib.

Bundan əlavə o, prezident İlham Əliyevə də bununla bağlı məktubla müraciət edib.

Qeyd edək ki, 1994-cü il mart ayının 19-da metronun “20 Yanvar” stansiyasında qatarın vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metro stansiyasının tavanı bəzi hissələrdə çöküb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Hərəkatının üzvləri həbs edilib. İstintaqın nəticələrinə görə terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli olublar və hazırlığı bu ölkədə keçiblər. Terror faktı üzrə 11 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan Rahib Məhsinov I dərəcəli Ali Məhkəmənin Kollegiyasının hökmü ilə ömürlük olaraq azadlıqdan məhrum edilib, Qobustanda yerləşən həbsxanada cəza çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR