Bakı - APA-Economics. Azərbaycanda "Avro-4" ekoloji standartının tətbiqindən sonra Gürcüstanda bir çox avtomobil dilerləri fəaliyyətini dayandırıb.
"APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iri avtomobil dilerlərindən biri olan "Zario avto" şirkətinin direktoru İosif Zarandiya deyib.
Onu sözlərinə görə, sözügedən standartın tətbiqinədək Gürcüstandan Azərbaycana daha çox Yaponiya istehsalı olan avtomobillər ixrac olunurdu: "Lakin standartın tətbiqindən sonra dilerlər ABŞ istehsalı olan avtomobillərə üz tutdu. Bu vaxta qədər Azərbaycana daha çox yapon avtomobilləri idxal olunurdu. Çünki, bu ölkədə istehsal olunan avtomobillərin keyfiyyəti yüksək, qiyməti isə aşağı idi. Yaranmış vəziyyətdən sonra bir sıra dilerlər fəaliyyətini dayandırdı".