Azərbaycanda ilk dəfə olaraq yeni doğulan uşaqların anadangəlmə məxmərək sindromu yoxlanılır

Azərbaycanda ilk dəfə olaraq yeni doğulan uşaqların anadangəlmə məxmərək sindromu yoxlanılır
# 22 aprel 2016 12:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda bu aydan başlayaraq ilk dəfə olaraq yeni doğulan uşaqlar anadangəlmə məxmərək sindromu ilə bağlı müayinə edilir.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin epidemioloji nəzarət şöbəsinin əməkdaşı Nəzifə Müsəlova bildirib ki, Azərbaycanda məxmərək və qızılcanın ləğvinə nail olandan sonra növbəti addım olaraq bu işlərin görülməsinə başlanılıb. Nazirlik nümayəndəsi bildirib ki, anadangəlmə məxmərək sindromu sonradan uşaqlarda çox ağır fəsadlar yarada bilər: “Lal-kar-kor uşaqlar, ürək qüsurları ilə doğulan uşaqlar, həmçinin yenidoğulanlarda qeydə alınan defektlərin bir qismi anadangəlmə məxmərək sindromu nəticəsində yarana bilər. Bu məqsədlə ötən həftədən ölkədə yeni doğulan uşaqların anadangəlmə məxmərək sindromu yoxlanılır".

Onun sözlərinə görə, bu layihə hazırda pilot şəkildə 4 tibb ocağında-Oftamologiya Mərkəzində, Pediatriya İnstitutu, Uşaq Klinik Xəstəxanası və Əbülfəz Qarayev adına 2 saylı Uşaq Xəstəxanasında icra olunur. Yeni doğulmuş uşaqlar ilk olaraq bu xəstəxanalarda qeydə alınır və qüsurları ilk dəfə olaraq burada məlum olur : "Müəyyən kriteriyalar üzrə belə qüsurlar olarsa, həmin uşaqlardan mütləq qan nümunələri toplanacaq və müayinədən keçiriləcək. Əgər bu uşaqlarda anadangəlmə məxmərək sindromuna şübhə yaranarsa, həmin xəstəliyə qarşı imunoqlobinlər aşkar olunarsa, deməli, ana hamilə vaxtı məxmərək xəstəliyi keçirib. Bunun da qarşısını almaq üçün epidemioloji nəzarəti gücləndirməliyik. Epidemioloji nəzarətin bir qüvvəsi də pediatrlardır. Çünki ilk əlamətləri uşaqlarda onlar görürlər və bu işdə məsuliyətli olmalıdırlar”.

Respublikanın baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə deyib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ilə birlikdə, Səhiyyə Nazirliyinin rəhbərliyinin tapşırığına əsaəsən, qızılca və məxmərəyin üzərində epidemioloji nəzarət gücləndirilib, hətta anadangəlmə məxmərək sindromu ilə bağlı nəzarət aparılır: “Şübhəli xəstələrdən qan nümunələri götürülür. Referens laboratoriyada bu uşaqda və ya onun anasında məxmərəyə aid əsər-əlamət varsa, onlar nəzarətə götürülür və müvafiq tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR