Millət vəkili: “Cəza sanksiyaları ilə bağlı islahatlar nəzərdə tutulur”

Millət vəkili: “Cəza sanksiyaları ilə bağlı islahatlar nəzərdə tutulur”
# 21 aprel 2016 10:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılanların sayı 24 minə qədərdir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə UNİSEF-lə birgə keçirilən “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” adlı tədbirdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.

Məhkumların sayı ilə bağlı danışan Ç. Qənizadə deyib ki, bu rəqəm eyni zamanda büdcədən xərclərin artmasına da səbəb olur: “Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır və bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarla bağlı islahatlara ehtiyac var. İslahatlar nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrum etmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamağa”.

Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı qanunvericiliyə müvafiq islahatlar aparılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR