AMEA Gəncə Bölməsinin rəhbərliyinə bir sıra tapşırıqlar verilib

AMEA Gəncə Bölməsinin rəhbərliyinə bir sıra tapşırıqlar verilib
# 04 mart 2015 14:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında AMEA Gəncə Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə olunub.

APA-nın xəbərinə görə, hesabatı təqdim edən bölmənin akademik-katibi, akademik Fuad Əliyev bildirib ki, ötən il bölmənin elmi-tədqiqat işləri 26 mövzuya daxil olan 31 iş 16 mərhələdə yerinə yetirilib, 3 mühüm elmi nəticə alınıb.

Onun sözlərinə görə, ötən il Nizami Gəncəvinin “Yeddi gözəl” poeması yazıldığı ölçüdə - əruzun xəfif bəhrində tərcümə edilərək çap edilib, ilk dəfə olaraq Gəncədə yerli sənətkarlığın şəhər mədəniyyətinin inkişafında əhəmiyyəti elmi əsaslarla öyrənilib.

Akademikin sözlərinə görə, bölmədə qarşıda duran əsas vəzifələrdən biri də gənc elmi kadrların hazırlanması olub: “AMEA Rəyasət Heyətinin sərəncamına əsasən Gəncə Bölməsində doktoranturaya qəbul imtahanları keçirilib, nəticədə 2 nəfər doktoranturaya, 1 nəfər isə dissertanturaya qəbul edilib. AMEA Gəncə Bölməsində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının doktorantura təhsili alan istedadlı gənc tədqiqatçılarının xarici nüfuzlu elmi nəşrlərdə, impakt faktorlu jurnallarda məqalələrinin çapı təşkil edilib. Nəticədə AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin dünyanın 21 ölkəsində 74 elmi əsəri dərc edilib. Hesabat ilində Gəncə Bölməsinin əməkdaşları tərəfindən 19 kitab, 24-ü impakt faktorlu jurnalda olmaqla 138 məqalə, 9 tezis çap etdirilib”.

Sonda AMEA Rəyasət Heyətinin qərarı ilə bölmənin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat qənaətbəxş hesab edilib, akademik Fuad Əliyevə bir sıra tapşırıqlar verilib. Bölmədə yaradılmış distant təhsilin imkanlarından geniş istifadə edilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi və s. qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR