Respublika və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb

Respublika və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb
# 08 may 2015 12:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 560 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 295 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 36 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 191 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.

Mayın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Kür çayının Surra məntəqəsində 36, Şirvanda 34, Salyanda 45, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 90 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm, Şirvanda 211 sm, Salyanda 150 sm, Bankədə 175 sm, Araz çayının Novruzlu məntəqəsində isə 138 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR