Kamal Abdullayev beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb

Kamal Abdullayev beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb
# 23 iyul 2015 13:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb.

APA-nın məlumatına görə, K. Abdullayev müxtəlif ölkələrin müəllim və tələbə heyətini Bakıda görməkdən məmnunluğunu ifadə edib: “Mənə elə gəlir ki, sizin çoxunuz Bakıda ilk dəfəsiniz və artıq bu günlər ərzində şəhərimizlə müəyyən qədər tanış ola bildiniz. Mən çox sevinirəm ki, buradakı gənclərin əksəriyyəti bizim onlara təklif etdiyimiz Azərbaycan multikulturalizmi fənnini öz universitetlərində bir semestr boyu öyrənmiş tələbələrdir. Müəllimlərin və universitet rəhbərlərinin dediklərinə görə, fənnin tədrisi uğurlu keçib. Azərbaycan universitetlərindən də yay məktəbinə qatılan tələbələrimiz var. İnanıram ki, bir-birinizlə təmasınız gələcəkdə həm təhsilinizdə, həm də karyeranızda sizə yardımçı olacaq. Mən sevinirəm ki, sizin Azərbaycanı nəzəri şəkildə öyrənməyiniz ölkəmizi öz gözlərinizlə görməyinizlə tamamlanacaq. Azərbaycan prezidenti İlham Əliyev belə bir söz deyib: “Multikulturalizmin alternativi yoxdur”. Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir. Siz bunu hər görüşünüzdə, hər mühazirənizdə, ünsiyyət bağladığınız hər bir adamla təmasınızda görəcəksiniz”.

Dövlət müşaviri yay məktəbinin iştirakçıları arasında dostluğun bundan sonra da davam edəcəyinə əminliyini bildirib: “İnanıram ki, burada yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevriləcək. Azərbaycanlı tələbələrə isə demək istəyirəm ki, onlar burada özlərini ev sahibi kimi aparmalıdırlar. Öz həmkarları, öz tələbə dostları ilə gələcək ünsiyyət xətlərini müəyyənləşdirməlidirlər. Bundan təkcə Azərbaycan yox, İtaliya, Litva, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Çexiya və ümumiyyətlə, burada iştirak edən bütün tələbələr qazanacaqlar, mənəvi-intellektual xeyir götürəcəklər. Bu yay məktəbi intellektual koleydeskop kimi ən müxtəlif modifikasiyalar verə bilər. Siz bu sahədə ilk qaranquşlarsınız, pionerlərsiniz”.

Görüşdə tələbə və müəllimlərin təklifləri dinlənilib, diskussiya aparılıb.

K. Abdullayev yay məktəbinin iştirakçılarına müəllifi olduğu kitabları hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR