I qrup üzrə ali məktəbə qəbul olan 25 prezident təqaüdçüsündən 17-si Bakı Ali Neft Məktəbində təhsil alacaq

I qrup üzrə ali məktəbə qəbul olan 25 prezident təqaüdçüsündən 17-si Bakı Ali Neft Məktəbində təhsil alacaq
# 15 sentyabr 2014 07:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BANM rektoru Elmar Qasımov bildirib ki, bu il məktəbə 3 ixtisas üzrə - neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarına 120 tələbə qəbul olub.

O qeyd edib ki, 2012-2013-cü tədris ilində bu ali təhsil ocağına qəbul üzrə keçid balı 631, 2013-2014-cü tədris ilində 656, 2014-2015-ci tədris ilində 668 bal olub. Rektorun sözlərinə görə, builki nəticə Azərbaycanda tələbə qəbulu üzrə ən yüksək göstərici olub.

E.Qasımov vurğulayıb ki, bu tədris ilində BANM-yə qəbul olan abituriyentlərin 17-si prezident təqaüdünə layiq görülüb: “Ali məktəbə daxil olan tələbələrin böyük əksəriyyəti Bakı şəhərindən daxil olublar. Lakin 2 il ərzində Sumqayıtdan ali məktəbə daxil olanların sayında təxminən 2 dəfə artım qeydə alınıb. Belə ki, 2 il öncə Sumqayıtdan ali məktəbə 7% tələbə qəbul olunmuşdusa, bu il onların sayı 13% olub. Ali məktəbə qəbul olanların əksəriyyəti türk liseyləri (11 nəfər), Zərifə Əliyeva adına liseyin (5 nəfər), Sumqayıt İstedadlar Liseyi (4 nəfər) və digər məktəb şagirdlərinin payına düşür”.


Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tələbələri təbrik edərək, gələcək təhsillərində uğurlar arzulayıb. O qeyd edib ki, qısa müddət ərzində ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görülüb və bunun nəticəsi olaraq yüksək nəticələr əldə olunub. Ölkədə müxtəlif dövrlərdə neft sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasına ehtiyac olduğunu deyən R.Abdullayev qeyd edib ki, bu ali təhsil ocağında hazırlanan mütəxəssislər, mühəndislər gələcəkdə ölkənin neft sahəsinin inkişafına uğurlu töhfələr verə biləcək.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu il ali məktəblərə I ixtisas qrupu üzrə 30 mindən çox abituriyentin imtahan verildiyini qeyd edib. Onun sözlərinə görə, onların arasında 120 nəfər yüksək nəticə göstərərək BANM-yə daxil olub: “Bu ali məktəbdə orta bal bütün ölkə universitetləri arasında ən yüksək baldır. I qrup üzrə qəbul olanlardan 25 prezident təqaüdçüsündən 17-si bu ali məktəbdə təhsil alacaq. Ali təhsil ocağı 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, yüksək nailiyyətlər əldə edə bilib”.


Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Neft Mühəndisliyi İnstitutunun professoru Con Ford çıxışında BANM ilə mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrini, yaradılan infrastruktur imkanlarını, kadr potensialını və tələbə kontingentini yüksək qiymətləndirib.


Tədbirin sonunda BANM-nin ilkin hazırlıq ilini uğurla bitirən tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələri, həmçinin 2014-2015-ci tədris ilində ali məktəbin tələbələrinə tələbə biletləri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR