Urmiyanın Qarabağ şikəstəsi - XÜSUSİ REPORTAJ - VİDEO

Urmiyanın Qarabağ şikəstəsi - <span style="color: red;">XÜSUSİ REPORTAJ  - <span style="color: red;">VİDEO
# 03 dekabr 2014 12:56 (UTC +04:00)

Bakı-APA. Qarabağ şikəstəsi... Möhtəşəm musiqidir. Hələ bu musiqini bir də Urmiyada, aşıqların dilindən eşidəsən.

Qarabağ şikəstəsi Azərbaycan xanəndələrinin ən çox müraciət etdiyi janrlardan biridir. Bu əsər 19-cu əsrdə zərb muğam kimi geniş təşəkkül tapıb. Şikəstə Üzeyr Hacıbəyovun "Əsli və Kərəm", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında da səsləndirilib. Lakin indi "Qarabağ şikəstəsi"ndə daha çox şikayət, əzab-əziyyət, iztirab var və dinləyən insanları daha da acıdır, ruhən bizləri qəsbkarların əlində olan doğma torpaqlarımıza aparır. Urmiyalı aşıq Qurbanın oxuduğu Qarabağ şikəstəsi elə bu səbəbdən zalda onu dinləyən hər kəs kövrəldir. Azərbaycanda hər kəs bu əsəri mərhum xalq artisti Xan Şuşinskinin ifasında sevir. Urmiyada isə Qarabağ şikəstəsini aşıqların ifasında dinləməyi sevirlər.

Aşıq Qurban deyir ki, dünyada hər yerdə dava-dalaş, bir cəng var: “Biz arzulayırıq ki, dünya bir gün dava-dalaşsız, cəngsiz olsun. Hamı sülh arzulasın. Bizim də sazımız bu sülhün carçısıdır. Düzdür, o tayda aşıqlar Qarabağ şikəstəsini oxumur. Amma bu tayda oxuyurlar. Çünki bu əsər aşıq yaradıcılığıdır. Bizim bu aşıqlardan hansına desəydiniz, Qarabağ şikəstəsini oxuyardı”.

Aşıq Qurban Arazın hər iki tayındakı azərbaycanlıların eyni dildə danışdığını, eyni dinə qulluq etdiklərini deyərək iki tayın aşıqlarının yaradıcılığında da elə bir fərqin olmadığını bildirir: “Urmu aşıqları daha çox dastan deyirlər. Burada mövcud olmuş təriqətlərin də izi Urmiya aşıqlarının yaradıcılığında görünür. Nəsimidən gələn hürufilik anlamı bizim açıqlarda daha çoxdur. Burada aşıq məktəbi daha arxaik, daha qədimdir. Daha əsl qalıb. Kökləri də birdir. Borçalı aşıq məktəbi ilə Urmu aşıq məktəbi çox yaxındır. Göyçə, Gəncəbasar, Qaradağ aşıq məktəbləri də var ki, bizim məktəblərlə yaxındır”.

Urmiyada aşıq sənətinə xüsusi maraq var. Hər həftə bazar ertəsi aşıqlar günortadan sonra Urmiya İncəsənət Dərnəyinə toplaşırlar. Onların müraciət etdiyi əsərlərin çoxu da Azərbaycan şairlərinin şeirləri, aşıq yaradıcılığıdır. Dillərində farsca sözlər çox daxil olduğundan oradakı azərbaycanlıları anlamaqda bir az çətinlik çəkirdik. Lakin aşıq Qurbanın da dediyi kimi, aşıq dili birdir və bu çətinlik aşıq sənətinə aid deyil. O Azərbaycanda da çox səfərdə olub. Arazın bu tayında formalaşan aşıq yaradıcılıq nümunələrini Urmiyaya gətirməkdə böyük rolu var: “Əslində torpağın o baş, bu başı yoxdur. Siyasi sınırlar olsa da, saz-söz bizi birləşdirir. İcazə versəniz, Zəlimxan Yaqubun şerini oxuyum. Avşar tayfalarından bizə iki hava qalib. Biri “Şüştər” dəsgahında zərb muğam ovşarı, biri də aşıq havası ovşarı. Mən oxuyum ovşarını əyləşənlərin hamının şərəfinə. İfa”.

Urmiya aşıqları dastan deməyi də çox sevirlər. Bir-birini tanımayan və cəngə çıxan iki qardaşın dastanı çox maraqlı idi. Bizim kimi hər kəs də iki qardaşın deyişməsinin necə bitəcəyini maraqla gözləyirdi.

Aşıq sənətini himayə edən bu dərnək 4 ildir Urmiyada fəaliyyət göstərir. Dərnəyin fəaliyyətini dövlət maliyyələşdirir.

Dərnəyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbər Daryuş Əlizadənin sözlərinə görə, Qərbi Azərbaycan vilayətinin şimalından cənubuna kimi 130-a qədər aşıq bu dərnəyə üzvdür: “Bu dərnək İran tərəfindən maliyyələşdirilir. Qoymuruq ki, aşıq musiqi sənəti o biri musiqilərin arasında itsin. Məqsədimiz budur ki gənc nəsilləri üçün aşıq musiqisini hifz edək”.

Dərnəkdə tək aşıq sənəti deyil, digər incəsənət nümunələri, şair, yazıçıların yaradıcılığı da qorunur. Həftənin 5 günü müxtəlif mövzularda toplantılar təşkil olunur, sənət adamları fikir mübadiləsi aparır. Bir birinin yanlışlarını, nailiyyətlərinin müzakirə edirlər. Dərnək həm də sənət adamlarına kitab çap etməkdə, albom çıxarmaqda da dəstək olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR