Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) FHN işçiləri Həmkarlar İttifaqının dəstəyi ilə “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müsabiqə yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbul olunmasında əməkdaşların peşə və taktiki hazırlıq səviyyələrinin yüksəldilməsi, yanğınsöndürənlərin xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilib. Bakı və Sumqayıt şəhərlərində yerləşən yanğından mühafizə hissələrinin 14 komandadan ibarət 42 manqası və 294 nəfər yanğınsöndürənin iştirak etdiyi müsabiqədə, həmçinin, əməkdaşların döyüş hazırlığının tərkib hissəsi olan yanğın-xilasetmə hazırlığı təmrinlərinin təhlükəsizlik texnikası qaydalarına riayət edilməklə yerinə yetirilməsinə, ekstremal şəraitdə şəxsi heyətin öz xidməti vəzifələrini yerinə yetirərkən, onlara peşə vərdişlərinin aşılanmasına və dözümlüyünün artırılmasına xüsusi diqqət yetirilib.
“Ən yaxşı manqa” adı uğrunda keçirilən baxış-müsabiqədə birinci yerə Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin ikinci yanğınsöndürmə növbəsinin manqası, ikinci yerə Səbail rayon Yanğından Mühafizə Hissəsinin ikinci yanğınsöndürmə növbəsinin manqası, üçüncü yerə isə Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin birinci yanğınsöndürmə növbəsinin manqası layiq görülüb. Müsabiqənin “Qalib hissəsi” adına isə Səbail rayon Yanğından Mühafizə Hissəsi layiq görülüb.
4 oktyabr 2021-ci il tarixində “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqəsi qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Mərasimdə FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və DYMX-nın məsul şəxsləri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, həmçinin, erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mehman İsmayılov Azərbaycan xalqına qələbə sevincini və qürur hissini yaşadan, möhtəşəm Zəfərin memarı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi zamğanı həyata keçirdiyi uzaqgörən siyasətindən ətraflı bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın qəhrəman əsgər və zabitləri canı-qanı bahasına “Ermənistan ordusu məğlubedilməzdir” kimi illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, bütün qüvvələr Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar oldu.
M.İsmayılov baxış-müsabiqənin qaliblərini təbrik edib, çətin, lakin şərəfli fəaliyyətlərində onlara uğurlar arzu edib.
Sonda “Ən yaxşı manqa” adı uğrunda keçirilən baxış-müsabiqənin qalibləri FHN işçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.