Külli miqdarda dərmanı qanunsuz yolla ölkə ərazisinə keçirmək çəhdinin qarşısı alınıb

Külli miqdarda dərmanı qanunsuz yolla ölkə ərazisinə keçirmək çəhdinin qarşısı alınıb
# 28 yanvar 2017 10:41 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun piyada idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazıyla baxış zamanı, malların arasındakı elektrik qızdırıcısının içərisində şübhəli predmetlər müşahidə olunub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, təkrar yoxlama nəticəsində isə gömrük orqanına əvvəlcədən bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, hər birində 14 həb olmaqla 276 konvalyut "Lyrica (pregabalin)" adlı dərman preparatı aşkar edilib.

Eyni zamanda, məlum olub ki, içərisində dərman preparatları yerləşdirilən əl yükü, əslində onu gömrük nəzarəti zonasına daxil edən Azərbaycan vətəndaşına məxsus deyil. Həmin yük Gürcüstandan tranzit keçməklə Türkiyədən respublikamıza gələn sərnişin avtobusunun sürücüsünün olub. İstanbul şəhərində yaşayan sürücü həmin yükü avtobusda işləyən şəxs vasitəsilə ölkəmizin ərazisinə keçirməkdə köməklik göstərməsi üçün Azərbaycan vətəndaşına verib.


Qeyd edək ki, "Lyrica (pregabalin)" adlı dərman preparatının Azərbaycan ərazisində mülki dövriyyəsi qadağandır. Bu dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR