Samir Şərifov BVF-in nümayəndə heyətini qəbul edib

Samir Şərifov BVF-in nümayəndə heyətini qəbul edib
# 04 mart 2017 11:26 (UTC +04:00)

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd Əl Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkədə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi artımın bərpa edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, BVF-nun Azərbaycan üzrə missiyası fiskal yığcamlaşdırma və pul-kredit siyasətinin sərtləşdirilməsi, habelə Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilməkdə olan tədbirlərə dair ətraflı məlumatlandırılıb.

Büdcə-vergi sahəsində həyata keçirilən iqtisadi islahatların, eləcə də ölkənin bank sektorunun ən qısa zamanda sağlamlaşdırılmasına yönələn addımların vacibliyini vurğulayan M.Qorçi BVF tərəfindən bu tədbirlərin təqdir olunduğunu bildirib.

Görüş zamanı həmçinin, BVF tərəfindən pul-məzənnə siyasətinin təkmilləşdirilməsi üzrə Mərkəzi Bankına və ortamüddətli büdcə planlaşdırması və makro-fiskal çərçivənin formalaşdırılması üzrə Maliyyə Nazirliyinə texniki yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər BVF ilə Azərbaycan hökuməti arasında BVF-nun əsasnaməsinin IV maddə üzrə məsləhətləşmələr missiyasının növbəti səfərinin cari ilin noyabr ayında həyata keçirilməsini razılaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR