Ağdamda Arif Babayevin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Ağdamda Arif Babayevin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
# 18 fevral 2013 16:23 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Ağdam rayonunun Quzanlı qəsəbəsində xalq artisti, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, muğam ustası Arif Babayevin anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quzanlı qəsəbə Mədəniyyət Evində keçirilən tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, yubilyarın sənət yoldaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov yubilyarı səhnəyə dəvət edərək sənətkarın ömür yolu, yaradıcılıq fəaliyyəti barədə məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli nazir Əbülfəs Qarayevin yubilyara təbrik məktubunu oxuyub.

Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişindən sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, xalq artistləri Əlibaba Məmmədov və Canəli Əkbərov, A.Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Ağdam Dövlət Dram Teatrının direktoru Fəxrəddin Hacıyev sənətkara təbriklərini çatdırıblar, ona yaradıcılıq uğurları və cansağlığı arzulayıblar. Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, xanəndələr Ehtiram Hüseynov, Sabir Abdullayev, Elnur Zeynalov və "Şur" ansamblının ifasında muğam və xalq mahnıları səsləndirilib.

Tədbir Arif Babayevin və "Şur" ansamblının birgə ifasında "Qarabağ şikəstəsi" ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR