Azərbaycanda tək valideyni olan uşaqların ödənişsiz ali təhsil alması təklif olunur

Azərbaycanda tək valideyni olan uşaqların ödənişsiz ali təhsil alması təklif olunur
# 24 may 2013 14:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında tək valideyni olan uşaqların dövlət ali məktəblərində ödənişli təhsilinə güzəştlərin tətbiq edilməsi və yaxud onların ödəniş haqlarından azad olunması təklif olunub. APA-nın məlumatına görə, bu təkliflə deputat Qənirə Paşayeva çıxış edib.

Deputat bildirib ki, ailə başçısını erkən itirmiş, öhdəsində azyaşlı övladları qalmış tək valideynli ailələrin mənafeyini daha geniş müdafiə etmək, dövlətin, ictimaiyyətin bu qrup insanlara diqqət və qayğısını daha da artırmaq, tək valideynli uşaqların sosial müdafiəsini daha da gücləndirməyə ehtiyac var: “Tək valideynli ailələr üçün övladlarının ödənişli ali təhsil almasının xüsusi çətinliyini nəzərə alaraq, tək valideynli ailələrin övladlarının dövlət ali məktəblərində ödənişli təhsil imkanları əldə etdiyi zaman onların ödənişsiz təhsil almasının təmin edilməsi çox vacib bir məsələdir”.

Q.Paşayeva deyib ki, tək valideynli uşaqların sosial müdafiəsi istiqamətində bir sıra mexanizmlərin işlənib hazırlanması da çox önəmlidir: “Deputat olaraq parlamentimizi və hökumətimizi bu istiqamətdə öz səylərini daha da artırmağa çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR