İntiqam Babayev: “2016-2020 Azərbaycan Gəncliyi Dövlət Proqramının layihəsi hazırdır”

İntiqam Babayev: “2016-2020 Azərbaycan Gəncliyi Dövlət Proqramının layihəsi hazırdır”
# 15 oktyabr 2015 09:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son 10 il ərzində dövlət tərəfindən gənclərin inkişafı üçün ayrılan investisiya təxminən 100 dəfə artırılıb. 10 il əvvəl büdcədə gənclər üçün ayrılan vəsait 245 min manat idisə, bu gün həmin rəqəm 24 milyona çatıb. Bu isə bizə imkan verir ki, gənclərin fantaziyalarını, ideyalarını həyata keçirək. Bu inkişaf bir çox postsovet məkanında müşahidə olunmayan inkişafdır”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə 1-ci Azərbaycan Beynəlxalq Konfransında çıxışı zamanı deyib. O bildirib ki, gənclərlə bağlı ölkədə vahid qanunvericilik bazası formalaşır: “2016-2020 Azərbaycan Gəncliyi Dövlət Proqramının layihəsi hazırdır, bununla əlaqədar dinləmələr keçirilib. Yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək. Biz çalışırıq ki, dövlət proqramları və digər qanunvericilik aktları ilə bağlı gənclərin də fikrini öyrənək. Qəbul olunan sənəd hər hansı məmur üçün stolüstü vəsaitə çevrilməməli, işlək vəsait olmalıdır. Əsas odur ki, gənclər özləri bu işdə aktivlik göstərsinlər”.

Nazir müavini əlavə edib ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə çalışan QHT-lərin 542 layihəsinə dəstək verilib: “Hazırda ölkədə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir”.

İ. Babayev qeyd edib ki, 20 ildən çoxdur Azərbaycanda gənclər siyasəti həyata keçirilir: “Bu gün müstəqil Azərbaycan dövlətində yeni nəsil formalaşıb. Dövlət gənclərin intellektual inkişafı, fiziki sağlamlığı, sosial rifahının artırılmasına şərait yaradılması üçün iş görür. Bu gün Azərbaycanda dövlət uğurlu gənclər siyasətini həyata keçirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR