Çingiz Əsgərov: “Avropa Məhkəməsi siyasi quruma çevrilir və müstəqil məhkəmə xüsusiyyətini itirir”

Çingiz Əsgərov: “Avropa Məhkəməsi siyasi quruma çevrilir və müstəqil məhkəmə xüsusiyyətini itirir”
# 17 fevral 2016 13:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün artıq müvafiq tədbirlər görülüb. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş insan hüquqları pozuntularının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin işğalçı Ermənistan tərəfindən ödənilməsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib. O bildirib ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduqdan dərhal sonra vətəndaşların AİHM-ə müraciət etməsi imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri müəyyənləşdirilib: “Qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki mülki hüququn pozulması, hətta şəxsi və ailə təhlükəsizliyi, o cümlədən etnik ayrı-seçkilik məsələsi qaldırılıb. Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurları tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşagəlməz hadisələrin şahidi oluruq. Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir”.

PA rəsmisi deyib ki, hazırda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər, lakin məhkəmə həmin ərizələrə prioritet qaydada baxmaqdan imtina edib: “Bu da həmin qurumun qeyri-obyektivliyini bir daha göstərdi. Azərbaycan hökuməti bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi rəhbərliyinə müraciət edib, amma hələ indiyə kimi cavab almayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR