Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramının dördüncü təlim sessiyası keçirilir

Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramının dördüncü təlim sessiyası keçirilir
# 09 fevral 2016 07:07 (UTC +04:00)

Bakı-APA. Bu gün “Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı” üzrə dördüncü təlim sessiyası öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan APA-ya verilən məlumata görə, üç gün davam edəcək təlim sessiyası Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində təşkil edilib.

Layihə Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir.

Dördüncü təlim sessiyasında “Münaqişələrin idarə olunması, danışıqların aparılması, vasitəçilik bacarıqları və vətəndaşlarla ünsiyyət mövzusu” üzrə məruzə və təqdimatlar dinləniləcək.

Proqramda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri iştirak edir.

Yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması məqsədini daşıyan Strateji Liderlik Proqramının pilot layihəsi Litva Dövlət İdarəçilik İnstitutu (LIVADIS) tərəfindən hazırlanmışdır. Proqram çərçivəsində təşkil edilmiş təlimlər peşəkar beynəlxalq və yerli ekspertlər tərəfindən keçirilib. Proqram ümumilikdə 11 təlim günündən ibarət olub.

10-12 noyabr 2015-ci il tarixdə Bakıda keçirilən birinci təlim sessiyasında “Fərdi liderlik üslubları və heyət ilə münasibətlər”, 30 noyabr – 2 dekabr 2015-ci il tarixdə Şamaxıda keçirilən ikinci təlim sessiyasında “Dəyişikliyin idarə edilməsi və vəkillik (motivasiya/inandırma) bacarıqları”, 26-27 yanvar 2016-cı il tarixdə Litva Respublikasının Vilnüs şəhərində "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq alətləri" və "Təşkilatlarda bərabər imkanların yaradılması" mövzuları ətrafında məruzə və təqdimatlar dinlənilib.

Birinci Strateji Liderlik Proqramının icrası 2016-cı ilin fevral ayının 11-də başa çatacaqdır. İştirakçılara təlim kursunu keçmələri ilə bağlı sertifikatlar təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR