Qəbələdə atıcılıq üzrə beynəlxalq yarışlarda Azərbaycan idmançıları 3 medal qazanıb

Qəbələdə atıcılıq üzrə beynəlxalq yarışlarda Azərbaycan idmançıları 3 medal qazanıb
# 10 may 2016 16:44 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-Pri yarışları davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışda kişilər arasında qoşa səngər stend atıcılığı üzrə yarışlar başa çatıb.

Mayın 10-da keçirilən final yarışında Rusiya idmançıları Vasili Mosin 27 xalla birinci və Kiril Fokeev 26 xalla ikinci, Birləşmiş Ərəb Əmirliklərinin atıcısı Xalid Alkabe 25 xalla üçüncü yeri tutub. Səngər stend atıcılığı üzrə kişilər arasında keçirilən yarışlarda isə Rusiya idmançısı Aleksey Alipov birinci, Türkiyə atıcısı Yavuz İlnam ikinci, rusiyalı Denis Zotov üçüncü yeri tutub. Gənclərin yarışında isə qızıl, gümüş və bürünc medalları Azərbaycan idmançıları qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Əlimirzə Quliyev, İsmət Sərkərov və Mirmömin Ağazadə müvafiq olaraq I, II, III yeri tutub. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov və “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov və Azərbaycan çempionu Emin Cəfərov təqdim edib.

Qeyd edək ki, “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR