“Naxçıvan tarixi” dövlət mükafatına təqdim olunub

“Naxçıvan tarixi” dövlət mükafatına təqdim olunub
# 17 fevral 2016 14:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. III cildlik “Naxçıvan tarixi” 2016-cı il üçün Azərbaycan Respublikasının dövlət mükafatına təqdim olunub.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. AMEA Rəyasət Heyəti kitabın aktuallığı və azərbaycançılıq ideyasının təbliği baxımından əhəmiyyətini nəzərə alaraq əsəri 2015-ci il üçün ən mühüm elmi nəticə hesab edib.

AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, III cildlik “Naxçıvan tarixi”nin hazırlanması Azərbaycan elmi üçün böyük nailiyyətdir: “Bu, dəyərli tədqiqatdır. Naxçıvan Azərbaycan üçün strateji bir bölgədir”.

Qeyd olunub ki, III cildlik “Naxçıvan tarixi” AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanıb.

İclasda 2016-cı ildə Nizami Gəncəvi adına “Qızıl medal” müsabiqəsinin elan edilməsi haqda qərar qəbul edilib. A. Əlizadə bildirib ki, Nizami Gəncəvi adına “Qızıl medal”a namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, elmi bölmələri, elmi-tədqiqat və ali məktəblərin elmi şuraları, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuraların tərəfindən irəli sürülə bilər.

Akademik onu da qeyd edib ki, qaliblərdən biri azərbaycanlı alim, digəri isə əcnəbi alim olacaq: “Qaliblərə medallar akademiyanın ümumi illik yığıncağında təqdim olunacaq”.

İclasda AMEA-nın adlı mükafatları üzrə müsabiqə elan edilib. Bildirilib ki, Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatlar üzrə bu il müsabiqə elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR