Bakıda Azərbaycan-Meksika siyasi məsləhətləşmələrinin növbəti mərhələsi keçirilib

Bakıda Azərbaycan-Meksika siyasi məsləhətləşmələrinin növbəti mərhələsi keçirilib
# 21 sentyabr 2016 15:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin Avropa Baş idarəsinin Baş direktoru Fransisko del Rio ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X.Xələfov ölkəmizin Meksika ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, buna misal olaraq Azərbaycanın Latın Amerikasında ilk səfirliyinin Mexiko şəhərində açıldığını bildirib və iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib.

Nazir müavini eyni zamanda Meksikanın Azərbaycanda səfirlik açmasını yüksək qiymətləndirib və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində səfirliklərin fəaliyyətini xüsusi qeyd edib. X. Xələfov xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərini xatırladaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərin inkişafına müsbət təsir edəcəyini, bu xüsusda Fransisko del Rionun bu səfərinin əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

X. Xələfov ölkəmizin Meksika ilə bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib, bu ölkənin qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar və Xocalı soyqırımını qınayan qətnamələrə görə Meksika tərəfinə təşəkkür edib. O, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bu sahədəki təşəbbüs, layihə və ideyaları əlaqələndirəcək mexanizmlərin müəyyən edilməsini təklif edib. Nazir müavini həmçinin ölkəmizin iqtisadi qurumlarında görüşlərin keçirilməsinin arzuedilən olduğunu, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini qeyd edib.

Fransisko del Rio isə Meksikanın Azərbaycanı beynəlxalq səviyyədə vacib ölkə kimi qəbul etdiyini bildirib və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, habelə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsində rolunu yüksək qiymətləndirib. Görüşdə səsləndirilən təklifləri müsbət qarşılayan Fransisko del Rio bu barədə Meksikanın müvafiq qurumlarına məlumat verəcəyini deyib. Parlamentlərarası əlaqələri diplomatiyanın vacib tərkib hissəsi adlandıran qonaq 20 sentyabr 2016-cı il tarixində Meksika parlamentində Azərbaycanla “dostluq qrupu”nun yaradılması barədə məlumat verib.

Görüşdə hər iki ölkənin enerji sahəsində böyük təcrübəsini nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinin aparılması, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi yolları ətrafında müzakirə aparılıb. X. Xələfov Azərbaycanın Meksikada, Meksikanın isə Azərbaycanda tanıdılması və təbliğ edilməsi üçün hər iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verən X. Xələfov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ölkəmizin ən böyük problemi olduğunu qeyd edərək münaqişənin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR