“AMOR Təqaüdü” müsabiqəsinin qalibləri məlum olub

“AMOR Təqaüdü” müsabiqəsinin qalibləri məlum olub
# 15 yanvar 2020 18:41 (UTC +04:00)

Yanvarın 15-də Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “AMOR Təqaüdü” müsabiqəsinin qalibləri məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu il ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər Birliyi tərəfindən Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı tələbələr, məbləğindən asılı olmayaraq təhsil haqlarının ödənilməsi üçün unikal fürsət əldə edəcəklər.

AMOR-un saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə elan edilmiş müsabiqənin sənəd qəbulu yekunlaşıb, daha sonra tələbələrin müraciətləri müsabiqənin tələblərinə uyğun olaraq yoxlanılaraq qaliblər müəyyən edilib.

Qeyd edək ki, müsabiqədə Rusiya Federasiyasının universitetlərində əyani əsasda bakalavr və ya magistr proqramları üzrə təhsil alan əlaçı azərbaycanlı tələbələr iştirak ediblər.

Xatırladaq ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Rusiya Federasiyasında Azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradılıb. Qeyd olunan layihə, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək göstərmək və gənclərin təhsilə olan marağını artırmaq məqsədi ilə həyata keçirilir.
AMOR təqaüd layihəsini bu ildən etibarən hər il keçirəcək. Bununla əlaqədar AMOR gəncləri, təşkilatın www.amor.az rəsmi saytını və sosial şəbəkələrdə fəaliyyətini izləməyə və gələcək müsabiqələr haqqında məlumatlı olmağa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR