«United Credit Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«United Credit Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 29 oktyabr 2012 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «United Credit Bank» ASC-nin yeni səhm emissiyasının yerləşdirilməsinə oktyabrın 30-dan etibarən başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 min manat, sayı 5 000 ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

«United Credit Bank» ASC-nin səhmlərinin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 70,9% artaraq 24,108 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin iyulun 1-nə bankın aktivləri 55,173 mln. manat, kredit portfeli 49,569 mln. manat, məcmu kapitalı 12,507 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 14,108 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR