Rusiya Dövlət Dumasının "Vahid Rusiya" fraksiyası Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini dəstəkləyib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün M. Mişustinin də iştirak etdiyi fraksiya iclasının iştirakçılarından biri bildirib.
“Onlar bu təklifə yekdilliklə səs verdilər, heç kim onun əleyhinə olmadı”, - deyə fraksiyanın nümayəndəsi deyib.
Bu gün Moskva vaxtı ilə saat 14.00-da Rusiya Dövlət Dumasında Baş Nazir postuna M. Mişustinin namizədliyinə baxılacaq.
Xatırladaq ki, yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət istefa verib.