İspaniyalı parlamentar: “İspaniya hökuməti və parlamenti Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”

İspaniyalı parlamentar: “İspaniya hökuməti və parlamenti Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”
# 03 oktyabr 2014 12:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı İspaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Xose Maria Çikio ilə görüşüb. Milli Məclisdən APA-ya verilən xəbərə görə, görüşdə F. Ağamalı bildirib ki, belə qarşılıqlı səfərlərin intensivləşməsi gələcək əlaqələrin inkişafında önəmli rol oynayır. O, qonağa Azərbaycan parlamentində qəbul edilən yeni qanun layihələri, ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib.

İspaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Xose Maria Çikio isə bildirib ki, Azərbaycanı yenidən görmək və buradakı dostları ilə görüşmək ona çox xoş təsir bağışlayıb: “Bura mənim üçün qardaşlıq diyarıdır. Bakıda özümü qətiyyən yad yerdə hiss etmirəm. Azərbaycanda artıq İspaniya səfirliyi açılıb. Bu hadisə ölkələrarası əlaqələrin inkişafına böyük töhfə olacaq”.

X. M. Çikio Humanitar Forumun işindən danışaraq bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev tədbirdə çıxış edərək Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib: “Həqiqətən də bu problem Azərbaycan xalqının böyük ağrısıdır. Həm İspaniya hökuməti, həm də parlamenti bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ümid edirəm ki, bu problem tezliklə ədalətli həllini tapacaq və bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasına qayıdacaq. Çalışmalıyıq ki, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qəbul etdikləri qətnamələr kağız üzərində qalmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR