Azərbaycan dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmlərindən istifadə etməklə nəqliyyat, enerji, su təhlükəsizliyi və rəqəmsal bağlantılar sahəsində yeni layihələrin həyata keçirilməsini planlaşdırır.
APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan "Regional əlaqəlilik üçün sərhədlərarası infrastruktur üzrə dövlət-özəl tərəfdaşlığı (PPP) layihələri” adlı sessiyada çıxışında deyib.
“Bu gün dünya iqtisadiyyatı infrastruktur və maliyyələşmə boşluqları, təchizat zəncirlərinin parçalanması, maliyyə qeyri-sabitliyi, rəqəmsal transformasiya və dayanıqlı bağlantılara artan tələbat kimi mürəkkəb çağırışlarla üz-üzədir”, - o bildirib.
Nazir müavininin sözlərinə görə, müasir dövrdə infrastruktur yalnız nəqliyyat və ya geosiyasi məsələ deyil:
“İnfrastruktur ticarətin, investisiyaların, sənaye əməkdaşlığının, ərzaq və enerji təhlükəsizliyinin, eləcə də inklüziv iqtisadi artımın əsasını təşkil edir. Lakin artan investisiya ehtiyacları və fiskal məhdudiyyətlər şəraitində hökumətlər bu hədəflərə təkbaşına nail ola bilməz”.
Bəşirli qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı bu baxımdan mühüm alətə çevrilib:
“Dünya Bankının məlumatına görə, 2024-cü ildə infrastruktura özəl sektor investisiyaları 16 faiz artaraq 100 milyard ABŞ dollarını ötüb və pandemiyadan sonra ilk dəfə bu həddi keçib”.
O vurğulayıb ki, Azərbaycan regional əlaqəliliyin iqtisadi təsirlərini praktikada nümayiş etdirən ölkələrdəndir:
“Orta Dəhlizin inkişafı, tranzit və logistika imkanlarının genişləndirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və sənaye zonalarının təşviqi Azərbaycanın regional inteqrasiyaya sadiqliyini göstərir”.
Nazir müavini Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsində mühüm layihələr hazırladığını da diqqətə çatdırıb:
“Hazırda su təchizatı, nəqliyyat, turizm, təhsil və sosial infrastruktur sahələrində PPP layihələri üzrə geniş portfel formalaşdırılır. Bu istiqamətdə flaqman layihəmiz Sumqayıtda həyata keçiriləcək Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodudur”.
Onun sözlərinə görə, zavod sutkada 300 min kubmetr içməli su istehsal etmək gücünə malik olacaq:
“Bu, Azərbaycanın yeni PPP çərçivəsi əsasında həyata keçirilən ilk pilot layihədir və hökumət, beynəlxalq maliyyə institutları və özəl investorlar arasında uğurlu əməkdaşlıq nümunəsidir”.
Bəşirli əlavə edib ki, gələcəkdə nəqliyyat dəhlizləri, bərpa olunan enerji, su təhlükəsizliyi, logistika mərkəzləri, iqlimədavamlı infrastruktur və rəqəmsal bağlantılar sahəsində PPP layihələrinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
“Dayanıqlı rifaha təcrid şəraitində nail olmaq mümkün deyil. Əlaqəlilik yalnız yollar, limanlar və enerji xətləri deyil, həm də etimadın, ortaq iqtisadi maraqların və sərhədlərarası inkişafın qurulması deməkdir”, – nazir müavini vurğulayıb.