Bank Of Baku

Güclü küləkdən zərər çəkmiş Azərbaycanın cənub rayonlarının elektrik şəbəkəsi bərpa olunur

Güclü küləkdən zərər çəkmiş Azərbaycanın cənub rayonlarının elektrik şəbəkəsi bərpa olunur
# 05 yanvar 2010 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın cənub bölgəsində güclü külək nəticəsində sıradan çıxmış elektrik şəbəkəsinin bərpası məqsədi ilə «Azərenerji» ASC əraziyə təmir briqadaları və maşın-mexanizmlər göndərib. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

M.Əsgərovun sözlərinə görə, yanvarın 3-də Astara rayonunun mərkəzinə və bəzi kəndlərinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda Astara rayonunun 10, Yardımlı rayonunun mərkəzi və bəzi kəndləri istisna olunmaqla 30-dan artıq, Lerik rayonuna isə ümumilikdə rayon mərkəzi və kəndlərinə enerji verilmir.

«Hazırda təmir briqadaları yerlərdə işləyərək problemi aradan qaldırmağa çalışır. Bu gün, günortadan sonra Lerik rayonunun mərkəzinə enerji verilişi bərpa olunacaq. Bu rayonlara mal-materiallarla yanaşı 12 generator göndərilib ki bu avadanlıqlar əsasən həyati əhəmiyyət daşıyan obyektləri enerji ilə təchiz edir», - deyə M.Əsgərov vurğulayıb.

Hadisə ilə əlaqədar olaraq cənub regionlarına 2 minə yaxın izolyator, 10 ton naqil, 150 mütəxəssis, 30 maşın və mexanizm göndərilib. Hazırda «Azərenerji» ASC-nin müvafiq strukturlarının rəhbərləri də yerlərdə qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edir.

M.Əsgərovun sözlərinə görə, Azərbaycanın cənub rayonlarında elektrik şəbəkəsi qurularkən küləyin maksimal sürəti 30 m/saniyə nəzərə alınıb. Son küləyin sürəti isə 45-50 m/saniyə təşkil edib ki, həmin regionda bu cür güclü külək indiyədək olmayıb.

«Azərenerji» rəsmisi bu cür qəzaların baş verməsinin digər səbəbi kimi bəzi ərazilərdə elektrik dirəklərinin birləşmələrinin, künclüklərinin sökülüb metal kimi satılmasını göstərib. M.Əsgərovun sözlərinə görə, dirəkdən bir künclüyün çıxarılması dayanıqlılığı 10% azaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR