Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Qərbi Abşeron» dəniz yatağında yeni hasilat platformasında quraşdırma işlərinə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti «Qərbi Abşeron» dəniz yatağında yeni hasilat platformasında quraşdırma işlərinə başlayıb
# 19 yanvar 2010 13:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Neftqaztikinti» Tresti Xəzər dənizinin Azərbaycan sektorundakı «Qərbi Abşeron» yatağında yerləşən 57 nömrəli yeni hasilat platformasında quraşdırma və bərkitmə işlərinə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yatağın işlənilməsi «Abşeronneft» NQÇİ tərəfindən həyata keçirilir. Dənizin 16 metr dərinliyində quraşdırılan platforma 4 blokdan ibarətdir. Blokların hər biri 16 metr hündürlüyündədir. Bu nöqtədə «Xəzər-4» üzən qazma qurğusu vasitəsilə 4 quyu qazılıb və artıq quyular istismara hazır vəziyyətdədir. Platforma quraşdırıldıqdan sonra quyular istismara daxil ediləcək.

Şirkətdən bildirilib ki, 2010-cu ildə işlənilməsi nəzərdə tutulan layihələr arasında bu yataq xüsusi yer tutur. Proqrma uyğun olaraq, bu məqsədlə daha öncə quraşdırılmış 3 platforma modernləşdiriləcək, onların arasında neft kəmərləri çəkiləcək və istismara buraxılacaq.

Qeyd edək ki, «Qərbi Abşeron» yatağı 1985-ci ildə açılmasına baxmayaraq kəmərlər və digər infrastrukturların olmaması səbəbindən hələ də tam şəkildə tədqiq edilməyib. Son hesablamalara əsasən, yataqda 2 mln. ton həcmində çıxarılabilən neft ehtiyatı mövcuddur. Burada mövcud olan quyuların dərinliyi 700-750 metrdir və hər birinin sutkalıq neft hasilatı orta hesabla 5-6 ton təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR