“Buxarestdə imzalanan saziş 21-ci əsrin yeni yaşıl enerji dəhlizi sazişidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dünyanın aılternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir: “Azərbaycanın mənbə və ixracatçı ölkə qismində belə bir əməkdaşlıq platforması yarada bilməsi qürurvericidir. 20-ci yüzilliyin sonunda “Əsrin müqaviləsi” möcüzəsini yaradan Azərbaycan 21-ci yüzilin əvvəlində yaşıl enerji sahəsində belə bir möcüzəni yarada bildi. Şübhəsiz ki, 4-cü sənaye inqilabı çağırışları kontekstində dünya tamamilə yeni enerji təchizatı mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ tükənən deyil, bərpa olunan enerji təchizatı zərurətinə söykənir. Azərbaycanın bərpa edilən enerji ehtiyatları isə quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpaedilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək ixrac edə biləcəyini göstərir. Ona görə də görüşdə iştirak edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirdi ki, bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və çox iddialı bir layihədir”.
Deputat qeyd edib ki, yeni yaşıl enerji dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır: “Belə strateji problemin həlli etibarlı tərəfdaş olmadan mümkün deyil. Azərbaycan isə bu missiyanı layiqincə yerinə yetirə bilir. Azərbaycan Avropanın qaz təchizatı məsələsində də etibarlı və güvənilir bir tərəfdaş kimi özünü təsdiqləyib. Elə bu ilin iyulunda Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanması da ayrıca bir hadisə kimi yadda qalmışdı. Artıq həmin sənədin icrasına artıq başlanılıb. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdirsə, bu il ixracat 11,3 milyard kubmetrdir. Növbəti il həmin həcm ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il isə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək. Göründüyü kimi rəqəmlər özlüyündə tərəfdaşlığın hansı səviyyədə olduğunu aydın ifadə edir. Şübhəsiz ki, bu nailiyyətlər sadəcə, enerji tərəfdaşlığı deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu artması deməkdir. Yeni dünya nizamının formalaşdığı mühüm bir tarixi mərhələdə milli maraqlarımızın bu səviyyədə təmin olunması isə Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi və vətəndaşlarımızın rifahının daha yüksək səviyyədə təmin olunması deməkdir”.