Azərbaycan hərbçilərinin ermənilərdən alınmış meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb - RƏSMİ

Azərbaycan hərbçilərinin ermənilərdən alınmış meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb - <span style="color: red;">RƏSMİ
# 15 aprel 2016 12:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan Ordusunun son döyüşlərdə şəhid olmuş, ermənilərdən təhvil alınmış hərbçilərinin meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb.

APA-nın məlumatına görə, Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Daimi Şuranın 1096 saylı iclasındakı bəyanatında deyilir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası ermənilərdən alınmış hərbçi meyitlərinin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı fakt aşkarlayıb.

Qeyd edilir ki, cəsədlərin gözləri çıxarılıb, küt alətlərlə zədələr yetirilib, qulaqlar kəsilib, kəllə sümükləri qırılıb, ağızlarında yarıqlar aşkar edilib.

“Bu fakt və törədilmiş cinayətlər barədə informasiyaya əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırmalara başlanılıb”, - deyə bəyanatda vurğulanır.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR