Moskvada tanınmış azərbaycanlı iş adamı Aydın Qurbanovun 60 illik yubileyi keçirilib - FOTOSESSİYA

Moskvada tanınmış azərbaycanlı iş adamı Aydın Qurbanovun 60 illik yubileyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 noyabr 2013 08:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Aydın Qurbanovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə keçirilən tədbir paytaxtın “Ritz Karlton” hotelində baş tutub.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yaradıcılarından olan Aydın Qurbanovun 60 illik yubileyinə həsr olunan tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ÜAK-ın prezidenti Məmmədbağır Əliyev, tanınmış iş adamı Araz Ağalarov, eləcə də Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu Aydın Qurbanovun bu gün həyatda olmamasından çox təəssüfləndiyini söyləyib: “Bu gün burda onun dostları yığışıb. Dostlarının bir çoxu bu gün bu tədbirdə iştirak etmək üçün Bakıdan Moskvaya gəliblər. Aydın Qurbanov çox möhtəşəm insan olub. Onun ən böyük xeyriyyəçilik əməllərindən biri Bakıda kafedral pravoslav kilsəsini bərpa etməsi idi. Bu fakt və bu kilsənin açılış mərasimində ümummilli lider Heydər Əliyevin iştirak etməsi ilk növbədə Aydın Qurbanova insanların münasibətini göstərir”.

ÜAK prezidenti Məmmədbağır Əliyev çıxışında Aydın Qurbanovun Konqresin əsasını qoyanlardan biri olduğunu söyləyib: “Bu gün iki tarix qeyd olunur. Aydın Qurbanovun bu gün 60 illik yubileyi və vəfatının 10-cu ildönümüdür. Müxtəlif fəlsəfi fikirlər mövcuddur. Onlardan biri dünyada əvəzolunmaz insanın olmaması haqqındadır. Aydın Qurbanov haqqında fikirləşdikdə, əvəzolunmaz insanın mövcud olduğu ağla gəlir”.

Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr isə çıxışında Aydın Qurbanovun Bakıda pravoslav kilsəsini bərpa etdirməsindəki rolundan danışıb.

Tanınmış xeyriyyəçi barədə Araz və Emin Ağalarovlar, digərləri öz xatirələrini bölüşüblər.

Aydın Qurbanovun oğlu Səməd Qurbanov tədbirə gələnlərə və ÜAK-a təşəkkürünü bildirib.

Daha sonra Aydın Qurbanovun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Tədbirdə muğam ustası, Azərbaycanın xalq artisti Alim Qasımov, pianoçu Murad Hüseynov, Rusiya və Azərbaycanın mədəniyyət ustaları musiqi nömrələri ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR