Azərbaycan Avropa Parlamentində torpaq xəritə çəkməsi ilə bağlı keçirilən tədbirdə iştirak edəcək

Azərbaycan Avropa Parlamentində torpaq xəritə çəkməsi ilə bağlı keçirilən tədbirdə iştirak edəcək
# 02 dekabr 2013 09:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dekabrın 3-də Brüsseldə (Belçika) «Eurogeographics»in təşkilatçılığı ilə Avropa Parlamentində «Gələcək üçün xəritələr» adlı tədbir keçiriləcək.

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbir Avropa Məkan Çərçivə Proqramının təqdimatına həsr olunmaqla yanaşı, milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı təşkilatlarına önəmli dəstək kimi qiymətləndirilir.

Avropa Parlamentində fərdi dəvətnamə ilə müvafiq sahələr üzrə məsul olan milli səviyyədə tanınmış qurumların rəhbərlərinin iştirak edəcəyi qəbulda Azərbaycanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov təmsil edəcək.

Belə ki, Komitə milli xəritəçəkmə və kadastr təşkilatlarının assosiasiyası olan «Eurogeographics» təşkilatının iyunun 11-12-də Belçikada keçirilən Növbədənkənar Baş Assambleyasında həmin təşkilata üzv seçilib. «EuroGeographics» təşkilatına üzvlüyün yaratdığı imkanlar içərisində məlumat və təcrübə mübadiləsi, üzvlərin ümumi maraqlarının Avropa səviyyəsində təmsil edilməsi, müştərək layihələrdə iştirak və milli məlumat standartlarının təkmilləşdirilməsi, ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq proqramlarında iştirak və texniki dəstəyin əldə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təşkilat Avropanın digər təsisatları, xüsusən Avropa Komissiyası və Avropa Parlamenti ilə sıx əməkdaşlıq etdiyi üçün müəyyən siyasət, layihə və təşəbbüslərə öz müsbət təsirini göstərə bilər.

Xatırladaq ki, bu ilin martında başlanmış layihə 3 il müddətində davam edəcək və «Inspire» direktivləri üzərində həyata keçirilən fəaliyyət əsasında ümumavropa «bulud» platformasını və veb-xidmətləri təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR