Azərbaycandan ilk dəfə olaraq nar Dünya Bankının siyahısında yer alacaq

Azərbaycandan ilk dəfə olaraq nar Dünya Bankının siyahısında yer alacaq
# 27 yanvar 2014 12:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmləri üzrə elmlər doktoru Zeynal Əkpərov Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının üzvü, sloveniyalı Darja Radiki qəbul edib.

İnstitutdan APA-ya verilən xəbərə görə, görüşdə məqsəd Azərbaycanın dünya bazarına çıxarıla bilən bitki ehtiyatlarının seçimində alimlərimizlə məsləhətləşmək olub.

Z.Əkpərov Azərbaycanda bitki genetik ehtiyatlarının inkişafı, həmçinin yüksək məhsuldarlığa və keyfiyyətə malik yeni bitki sortlarının yaradılması istiqamətində institutun təcrübəsi və tədqiqatları barədə danışıb. O, ölkənin yüksək potensiala malik, eksport dəyəri olan və daşınmaya davamlı bitki məhsulları haqqında qonaqlara məsləhətlər verib. Tərəflər yüksək məhsuldarlığı ilə fərqlənən meyvə və tərəvəzlərlə bağlı müzakirələr apardıqdan sonra nar, fındıq və pomidor üzərində dayanıblar. Siyahıya daxil ediləcək ilk bitki çoxsaylı faydalı əlamətləri ilə seçilən, məhsulu uzun müddət saxlanıla bilən nar bitkisi nəzərdə tutulub.

Dünya Bankının siyahısında yer alan bitkilər iki meyar üzrə müəyyənləşdirilir. Bitkinin indiki, keçmiş, gələcək potensial göstəriciləri və investisiya qoyuluşunun səviyyəsi əsas götürülür.

Görüşdə institutun Meyvə bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Dilşad Bayramova və Subtropik bitkilər laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR