Azərbaycan alimlərinin I Qurultayında prezident İlham Əliyevə müraciət qəbul olunub

Azərbaycan alimlərinin I Qurultayında prezident İlham Əliyevə müraciət qəbul olunub
# 19 dekabr 2014 13:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan alimlərinin I Qurultayının iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanıb.

APA-nın xəbərinə görə, müraciətdə qeyd olunub ki, bu gün müstəqil Azərbaycan davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olub, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyaraq regionun lider dövlətinə çevrilib: “Çox sevindirici haldır ki, milli sərvətimizin əsas tərkib hissəsi olan elmi potensialın qorunması və daha da inkişaf etdirilməsi Sizin siyasətinizin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət nəticəsində informasiya cəmiyyəti quruculuğu və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması yolunda mühüm işlər görülüb, elmi potensialın cəmiyyətin inkişafında fəal iştirakı təmin olunub, alimlərimizin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bu görülən işlər respublikamızın intellektual potensialının aparıcı hissəsi olan alimlərimiz tərəfindən çox yüksək qiymətləndirilir. Biz alimlər yaxşı başa düşürük ki, bu gün dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın müasir tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə yönəldilməlidir. Bu işin öhdəsindən uğurla gəlmək üçün Azərbaycan elmi potensialının avanqard hissəsi olan alimlər Sizin tərəfinizdən irəli sürülmüş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq götürüb və “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər ediblər”.

Müraciətdə bildirib ki, bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün Azərbaycan alimləri aparılan dövlət siyasətinə böyük dəstək verəcək, ölkədə biliklər iqtisadiyyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərini daha da gücləndirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR