Ombudsman Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında olublar

Ombudsman Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasında olublar
# 22 sentyabr 2015 12:28 (UTC +04:00)

Bakı - APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 60-dan çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək dinlənilib və bəzi müraciətlər yerində araşdırılıb. Qəbul edilmiş şəxslər saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyiblər. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı BİT-in kameralarına, yeməkxanasına, cərimə təcridxanasına, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, sovqat, görüş və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Başçəkmə zamanı milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə tövsiyələr verilib. Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR