Bakıda Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun IV iclası keçirilib

Bakıda Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun IV iclası keçirilib
# 30 sentyabr 2014 13:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Biznes Mərkəzində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun IV iclası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycan və Almaniya tərəfindən İşçi Qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri, İşçi Qrupun həmsədri Samir Vəliyev Azərbaycan-Almaniya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, 1997-si ildən etibarən mütəmadi olaraq aparılan Azərbaycan və Almaniya arasında maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqların, 2011-ci ildən fəaliyyət göstərən ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun, maliyyə və texniki əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin reallaşdırılmasının, “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya ikitərəfli Proqramı” çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsinin iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləri olduğunu vurğulayıb.

O bildirib ki, bu gün Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir: “Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi iştirak edirlər. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 760 mln. ABŞ dolları həcmində investisiya qoyulub. 2013-cü və bu il iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir”.

Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verən S. Vəliyev deyib ki, Azərbaycan iqtisadiyyatına 174 mlrd. dollarından çox investisiya qoyulub ki, bunun da yarısı xarici investisiyaların payına düşür: “Xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Artıq Azərbaycan investisiya ixracatçısına çevrilib. Son 10 ildə ÜDM 3,2 dəfə, investisiya qoyuluşu 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artıb”.

Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupun həmsədri Ekard Franz Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun IV iclasında iştirak etmək məqsədilə geniş tərkibli nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu qeyd edib, iclas çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb. E. Franz Almaniya iqtisadiyyatına dair də məlumat verib.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun III iclasından ötən dövrdə görülmüş işlər, investisiya, kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, enerji səmərəliliyi və bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, tvinninq layihələrinin icrası, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı və bir sıra digər məsələlər müzakirə olunub, müvafiq razılıqlar əldə edilib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi artsa da, bu sahədə əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu da tərəflərin maraq göstərdiyi sahələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR