Bank Of Baku

Bu günlərdə Bakıda yeni Böyrəkköçürmə Mərkəzi istifadəyə veriləcək

Bu günlərdə Bakıda yeni Böyrəkköçürmə Mərkəzi istifadəyə veriləcək
# 23 aprel 2009 11:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Prezidentin Ehtiyat Fondundan ayrılan 16 milyon manat vəsait hesabına Respublika Klinik Uroloji Xəstəxanasında yeni yaradılan müasir Böyrəkköçürmə Mərkəzi bu günlərdə istifadəyə veriləcək. APA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin bu ilin I rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışında deyib. Onun sözlərinə görə, bu mərkəzin yaradılması xroniki böyrək çatışmazlığı problemini əsaslı surətdə həll edəcək. Mərkəzin tikintisi ilə Azərbaycanda transplantologiyanın da əsasını qoyulacaq.

Nazir bildirib ki, talassemiya xəstələrinin qabaqcıl dünya təcrübəsinə uyğun müalicəsi üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Talassemiya Mərkəzinin də tikintisi və təchizat işləri başa çatdırılıb. Mərkəz bu yaxınlarda istifadəyə veriləcək: “İrsi qan xəstəliklərindən əziyyət çəkən insanların donor qanına ehtiyacı problemi də artıq həll olunub. Belə ki, əvvəllər qan ehtiyatının, demək olar ki, 90 faizi ödəniş müqabilində bir qrup donordan alınırdı. Onu saxlamaq üçün avadanlıq olmadığından qanın xeyli hissəsi yararsız vəziyyətə düşürdü. İndi bu problem həll edilib, tədarük olunan qanın miqdarı əhəmiyyətli dərəcədə artıb. Bütün ölkə üzrə qanvermə aksiyaları təşkil olunur, qan ehtiyacının əksər hissəsi könüllü donorlar tərəfindən ödənilir. Qanın təhlükəsizliyinə, lazımi şəraitdə saxlanmasına ciddi nəzarət edilir”.

O. Şirəliyevin sözlərinə görə, körpələrin sağlamlığı ilə bağlı ən mühüm məsələlərdən biri perinatal mərkəzlərin yaradılmasıdır. Ötən ilin sonlarında Gəncə Perinatal Mərkəzinin açılışı ilə ölkə üzrə 7 perinatal mərkəzin istifadəyə verilməsi prosesi başlayıb. Bu il Bakı və Lənkəranda da belə mərkəzlər açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR